
Cahangir Mütəllib oğlu Novruzov (d. 31 İyul, 1954, Bakı). Aktyor, teatr rejissoru. Aktrisa Nəsibə Zeynalovanın oğludur.
Həyatı
Novruzov Cahangir Mütəllib oğlu 1954-cü il iyul ayının 31-də Bakı şəhərində doğulub. Atası Novruzov Mütəllib Nəsrulla oğlu 1927-ci ildə doğulmuş və uzun illər Asəf Zeynallı adına Bakı musiqi məktəbində muğam üzrə dərs demişdir.
Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirir. Sonra Mirzəağa Əliyev adına incəsənət institutunun rejisorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil alaraq 1976-cı ildə həmən institutu bitirib. Diplom işini Musiqili Komediya teatrının səhnəsində G.Xudayevin «Sevgilimin Anası» operettasını hazırlayaraq müdafiə edib. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb. 1976-1977-ci illərdə əsgəri xidmətdə olub və xidməti bitirdikdən sonra yenə də Musiqili Komediya teatrına dönüb. 1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrın səhnəsində həm də aktyor kimi bir çox rollar oynamışdır. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət adamlarını təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakultəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in xalq artisti professor A. Efrosun rəhbərliyi altında staj keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1983-cü ildə Moskvadakı təhsilini bitirərək Şəki teatrına dönüb. 1984-cü ildə SSRİ xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaq üzrə Sankt-Peterburqda 1988-ci ilə qədər çalışmalarda iştirak edib. 1985-ci ildə Şəki teatrına baş rejissor vəzifəsinə təyin olunub. Orada çalışdığı illər ərzində teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərinə götürüb. 1986-cı ildə Çexoslovakiyada keçirilən «Çeşskaya Buduyovutsa» gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı «Müsyö Jordan və Dərviş Məstəli Şah» əsəriylə birincilik mükafatını qazanıb. 1988-ci ildə Parisdə keçirilən «Bovinyi» teatr festivalında fəxri juri heyətinin üzvü kimi iştirak edib. 1989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub. 1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında Şekspirin «Hamlet» əsərinin motivləri əsasında hazırlanmış «Olum ya Ölüm» tamaşası ilə birincilik mükafatı qazanıb. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışmaqdadır.
Filmoqrafiya
1. Dəli Kür (1969)-Aktyor: Kəndli uşaq (Tammetrajlı Bədii Film)
2. Aktrisanın Təbəssümü (1974)-İştirak: Özü (Tammetrajlı Bədii-Sənədli Film)
3. Qəribə Adamlar (1978)-Aktyor: Çilingər (Qısametrajlı Bədii Süjet-Mozalan № 44, 1-ci süjet)
4. Qorxma, Mən Səninləyəm (1981)-Aktyor: Mərdan (Tammetrajlı Bədii Film)
5. Dad (1984)-Aktyor: Milis işçisi (Qısametrajlı Bədii Süjet-Mozalan № 89, 2-ci süjet)
6. Gedərgəlməz (1984)-Aktyor: Cəllad (Qısametrajlı Bədii Süjet-Mozalan № 86, 1-ci süjet)
7. Qoca Palıdın Nağılı (1984)-Aktyor: Namaz (Tammetrajlı Bədii Film)
8. Yaşıl Eynəkli Adam (1987)-Aktyor: Cahangir (Tammetrajlı Televiziya Film-Tamaşası)
9. Bəxt Üzüyü (1991)-Aktyor: Milis rəisi (Tammetrajlı Bədii Film)
10. Ac Həriflər (1993)-Aktyor: Dərviş (Tammetrajlı Televiziya Film-Tamaşası)
11. Bala-Başa Bəla! (1995)-Aktyor: İzzət Nəfisli (Tammetrajlı Televiziya Film-Tamaşası)
12. Həm Ziyarət, Həm Ticarət... (1995)-Aktyor: Sabir (Tammetrajlı Bədii Film)
13. Sarı Gəlin (1998)-Aktyor: Artavas (Tammetrajlı Bədii Film)
14. Yaşıl Eynəkli Adam-2 (1999)-Aktyor: Cahangir (Tammetrajlı Bədii Televiziya Filmi)
15. Yaşıl Eynəkli Adam-3 (2002)-Aktyor: Cahangir (Tammetrajlı Bədii Televiziya Filmi)
16. Dəvətnamə (2003)-Aktyor: Əzizağa (Tammetrajlı Bədii Televiziya Filmi)
17. Güllələnmə Təxirə salınır!... (2003)-Aktyor: "Gəncəli Adış" (Tammetrajlı Bədii Film)
18. Bəylik Dərsi (2007) (Tammetrajlı Televiziya Tamaşası)
Mənbə: adam.az və az.wikipedia.org Cahangir müəllimi saytımız adından təbrik edir, ona can sağlığı, uzun ömür, işlərində və fəaliyyətində müfəvvəqiyyətlər arzulayırıq. Ölkəmizin dəyərli insanlarından biridə sizsiniz. Allah sizi qorusun.