Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunda Azərbaycan və Türkiyə icmalarının iştirakı ilə Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın ABŞ bürosunun xəbərinə görə, tədbiri açan Baş Konsulluğun konsulu E. Abdullayev Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən ağır səhifələrdən biri olduğunu vurğulayıb. Azərbaycan Amerika Şurasının prezidenti C. Hüseynov fevralın 21-də Kaliforniyanın Berkeli Universitetində keçirilmiş “Xocalıya ədalət” adlı 1 həftəlik tədbirlər silsiləsinin ilk tədbiri barədə məlumat verərək həmin tədbirin erməni icmasının diqqət mərkəzində olduğunu bildirib. Tədbirdə əsas qonaq qismində iştirak edən millət vəkili Həvva Məmmədova “Khojaly Genocide” kitabının təqdimatını edib və Xocalı soyqırımının ağır nəticələri, bu dəhşəti yaşamış həmvətənlərimizin acı xatirələrini iştirakçılarla bölüşüb. H. Məmmədova iştirakçıların suallarını da cavablandırıb.
Tədbirin gedişi zamanı radikal ermənilər Baş Konsulluğun ətrafında etiraz aksiyaları təşkil ediblər.
Mənbə: apa.az